18 Ağustos 2016 Perşembe

GİRİŞ

GİRİŞ

İnsan dünyada bəzən maddi-mənəvi müxtəlif müsibət və sıxıntılarla qarşılaşır. Ancaq insana əzab verən elə bir hiss var ki, o, bəlkə də heç bir fiziki əziyyətlə müqayisə edilməyəcək qədər şiddətlidir və insanın ruhunda böyük əzginlik əmələ gətirir. Bəhs etdiyimiz bu hiss "peşmançılıq" hissidir.
Peşmançılığın iki fərqli şəkli var. Allah`a iman gətirən insanların yaşadıqları peşmançılıqla yuxarıda tərif etdiyimiz və inkarçı insanların yaşadıqları peşmançılıq bir-birindən çox fərqlidir.
Möminlər hər hadisədən Allah`ın xəbəri olduğunu və Onun izni ilə baş verdiyini, başlarına nə gəlsə, Allah`ın izni ilə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də çox mühüm xüsusiyyətlərdən biri olan təvəkkülü əsas götürürlər. İnanan insan çətinliklə qarşılaşanda da, heç etmək istəmədiyi səhv bir iş görəndə də təvəkküllə hərəkət edər. Əgər səhv edərsə, tez tövbə edər və Allah`ın onu bağışlayacağını düşünər. Bu səbəbdən də sıxıntılı və uzun müddət davam edən peşmançılıq hissinə qapılmaz. Möminin hiss etdiyi peşmançılıq onu səhvlərini düzəltməyə, tövbə edərək həmin davranışı bir də təkrarlamamağa istiqamətləndirər. Yəni özünü düzəltməsinə, nöqsanlarını aradan qaldırmasına təhrik edər, ancaq heç vaxt sıxıntıya, ruhi düşkünlüyünə səbəb olmaz. Şövqünü, həyəcanını, iman coşqunluğunu azaltmaz, tərəddüd və vəsvəsəyə salmaz.
Allah`a iman gətirməyən insanların yaşadığı peşmançılıq hissi isə çox sıxıntılı və davamlıdır. Belələrinin təvəkkülü olmadığı üçün qarşılaşdıqları çətinliklərə, etdikləri hər səhv hərəkətə görə dəhşətli sıxıntı çəkirlər. Daim "kaş" nidası ilə yaşayırlar: "kaş etməsəydim..." "kaş deməsəydim..." "kaş getməsəydim..."
Ancaq bundan daha əhəmiyyətli bir məsələ var. Belə ki, insanların dünyada ikən yaşadıqları bu sıxıntılı peşmançılıqdan daha böyüyü axirətdə qarşılarına çıxacaq. Dünyada dindən uzaq olan insanlar axirətdə həmişə dünyada yaşadıqları hər dəqiqənin peşmançılığını hiss edəcəklər. Çünki dünyada onlara çoxlu xəbərdarlıq olmuş, doğru yola dəvət edilmişdilər. Fikirləşmək və həqiqəti tapmaq üçün çox zamanları olmuşdu. Ancaq bunları həmişə qulaqardına vurmuş, xəbərdarlıq ediləndə dinləməmiş və dünyadakı yaşantının heç bitməyəcəyi kimi aldadıcı bir hissə qapılaraq axirəti yaddan çıxarmışlar. Cəhənnəmlə qarşılaşanda isə artıq geri qayıdıb səhvlərini düzəltməyə imkan tapa bilməyəcəklər. Quranda bu adamların axirətdəki peşmançılıqla dolu sözləri belə ifadə edilmişdir:
Həqiqətən, Biz sizi yaxın əzab barədə xəbərdar etdik. O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: "Kaş mən torpaq olaydım!" (Nəbə surəsi, 40)
Odun üzərində dayandırıldıqları vaxt onların: "Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq",dediklərini görəydin!  (Ənam surəsi, 27)
Onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!" (Mülk surəsi, 10)
Sizə təqdim etdiyimiz bu kitabın məqsədi "kaş ağıllı hərəkət edəydik...", "kaş Rəbbimizin ayələrini yalan saymayaydıq...", "kaş bizə xəbərdarlıq edənlərin sözlərinə əməl edəydik...", "kaş" deyəcəkləri və torpağa dönüb yox olmağı istəyəcək qədər böyük peşmançılıq çəkəcəkləri günlə bağlı insanları tənbeh etmək və hələ ki, düzəlmək imkanı olduğundan, onları Allah üçün yaşamağa çağırmaqdır.
Unutmayın ki, o gün peşmançılığın heç kimə faydası olmayacaq və heç kimi cəhənnəm əzabından qurtarmayacaq. Bu peşmançılığı yaşamamağın yeganə yolu vaxt var ikən Allah`a təslim olmaq, Onun əmr etdiyi şəkildə yaşamaqdır.
Bu kitab sığınacaq heç bir yerin və heç cür qurtuluş imkanının olmadığı axirət əzabına qarşı xatırlatma, Allah`ın yoluna dəvətdir.
Allah tərəfindən qarşısıalınmaz gün gəlməmişdən əvvəl Rəbbinizin çağırışına cavab verin! O gün sizin üçün heç bir sığınacaq olmayacaq və siz (günahlarınızı) inkar edə bilməyəcəksiniz. (Şura surəsi, 47)

İnsanın dünyada yaşadığı peşmançılıq

İnsanın dünyada yaşadığı peşmançılıq

Əzab sizə gəlməmişdən öncə Rəbbinizə üz tutun və Ona itaət edin. Sonra sizə heç bir kömək olunmaz. Əzab sizə fərqinə varmadığınız bir halda, qəflətən gəlməmişdən əvvəl Rəbbinizdən sizə nazil edilən ən gözəl (sözə) tabe olun! (Zumər surəsi, 54-55)
İnsan bir təhlükə ilə qarşılaşanda vicdanı heyrətamiz sürətlə hər şeyin hesabını aparmağa başlayır. Dünyada yaşadığı ömrə və bu müddət ərzində gördüyü işlərə bir-bir qiymət verir. Əgər dünyada yaxşı işlər görməyibsə, Allah`ın dininə tabe olmayıbsa, həmin an onu çox böyük peşmançılıq sarır. Çünki həyatı boyu heç düşünmədiyi gerçəklər bir anda bütün yönləri ilə insanın gözü önündən keçir. Bəlkə də ömründə birinci dəfə ölümün, həqiqətən, çox yaxın olduğunu anlayır. Dünyada ikən cənnəti qazanacaq şəkildə ömür sürmədiyini və qapıldığı peşmançılıq hissinin də bu səbəbdən meydana gəldiyini düşünüb məsələni dərk edir. Allah`a qarşı etdiyi nankorluğu başa düşür və bu hərəkətlərinin əvəzsiz qalmayacağını da çox yaxşı hiss edir. Həmin ana qədər heç vaxt yaşamadığı qorxu hissi onu bürüməyə başlayır. Belə bir vəziyyətdən onu ancaq Allah`ın qurtara biləcəyini artıq qavrayır. Təhlükənin sovuşması üçün Allah`a yalvarır, ona dualar edir. Əgər bəladan qurtulsa, çəkdiklərini heç vaxt unutmayacağına, Allah`a şükür edəcəyinə və sonrakı həyatını bu həqiqətlərə görə nizamlayacağına söz verir. Yetər ki, qurtulsun və əlinə bir də həyatı sürdürmək imkanı düşsün.
Amma insanların əksəriyyəti düşdüyü təhlükəli vəziyyətdən çıxandan sonra verdiyi sözə sadiq qalmır. Allah`ın onu bəladan qurtarmasına rəğmən, yenidən əvvəlki vəziyyətinə qayıdır. Ölümlə göz-gözə gələndə qəbul etdiyi həqiqətləri bir andaca yaddan çıxarır. Hiss etdiyi peşmançılıq və təslimçilik yerini əvvəlki nankorluğa verir. Təhlükə sovuşandan sonra, sanki bir qədər əvvəl Allah`a dua edən və peşmançılıq yaşayan özü deyilmiş kimi, Allah`dan üz çevirir. Əvvəlki həyatını sürdürərək, bəlkə də dünyaya daha çox bağlanaraq, yaşamağa davam edir. Allah belələrinin ruhi vəziyyətini Quranda bu misallarla açıqlamışdır:
Sizi suda və quruda gəzdirən Odur. Siz gəmidə olduğunuz, gəmilər gözəl bir külək vasitəsilə içərisində olanları apardığı, onlar da sevindikləri vaxt birdən fırtına qopub dalğalar hər tərəfdən gəmilərin üzərinə hücum etdikdə və müsafirlər dalğaların onları bürüdüyünü (həlak edəcəyini) başa düşdükdə sidq-ürəkdən Allah`ın dininə sarılaraq Ona belə dua edərlər: "Əgər bizi bu təhlükədən qurtarsan, Sənə şükür edənlərdən olarıq!" (Allah) onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. (Bunlar) dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik. (Yunis surəsi, 22-23)
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! (Allah`ın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. (İsra surəsi,, 67-68)
Ayələrdə də bildirildiyi kimi, əcəba, insan bir təhlükədən canını qurtarandan sonra oxşar, yaxud başqa cür təhlükə ilə qarşılaşmayacağından, qarşılaşsa da, yenidən qurtulacağından əmindirmi? Əlbəttə, bundan əmin olmaq mümkün deyil. Üstəlik, qurtulsa da, heç bir şey dəyişməz. Çünki onun yaşaması üçün verilən müddət başa çatdıqdan sonra mütləq öləcək. Onda da eyni peşmançılığı yaşayacaq, lakin bu peşmançılığın ona faydası olmayacaq.
Burada bəhs olunanlar, əslində, dindən uzaq yaşayan bütün insanların malik olduqları müştərək ruh halıdır. Allah Quranın başqa ayələrində bu insanların vəziyyətlərini bizə belə xəbər verir:
İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi. (Yunis surəsi, 12)
İnsanların başına bir bəla gəldiyi zaman Rəbbinə üz tutub Ona yalvarırlar. Sonra O, Özündən onlara bir mərhəmət daddıran kimi, onlardan bir dəstə Rəbbinə şərik qoşur.  (Rum surəsi, 33)
Göründüyü kimi, ayələrdə də bəhs olunan insanlar bir sıxıntı ilə üzləşdikləri zaman Allah`a üz tuturlar. Ancaq təhlükədən qurtulandan sonra bir anda Allah`a verdikləri sözü unudaraq, nankorluq edirlər. Buradan aydın olur ki, insanların yaşadıqları peşmançılıq qarşılaşdıqları təhlükə anındakı çarəsizlikdən doğur. Halbuki, yuxarıda da bildirdiyimiz kimi, Allah`a inanan insanların yaşadıqları faydalı peşmançılıq belə deyil.
Həqiqi peşmançılıq bir anda unudulmayan, insanı hərəkətə gətirən, hətta bəzi vaxtlar onda vacib dəyişikliklər edən bir hissdir. Ürəyində səmimi peşmançılıq hiss edən adam həyatının ona bağışlanan sonrakı dövrünü Allah`ın rizasına uyğun yaşayar. Şərtlər dəyişəndə və ona yeni fürsət veriləndə, qətiyyən əvvəlki vəziyyətinə dönməz. Çünki belə nankorluğun Allah`ın ayələrində də bildirildiyi kimi, özünün əleyhinə olacağını bilər.
Ayələrdə qeyd olunan gəmidəki insanların psixologiyasını Allah bütün insanlara ibrət olaraq göstərib. Çünki bu, hər bir insanın nəfsində olan meyildir. Elə isə hər insan nəfsinin bu mənfi xüsusiyyətindən imtina etməli, ayələrdə göstərilən insanların halından ibrət götürərək vicdanı qarşısında səmimi hesabat verməlidir. Yəni bunları düşünməlidir:
"Mən buna bənzər bir vəziyyətlə qarşılaşsam, hansı ruhi vəziyyətdə olardım? Nələrdən peşman olar və mənə gələn təhlükədən qurtulduğum təqdirdə, nəyi dəyişdirəcəyimə dair Allah`a söz verərdim? Nələrdən uzaqlaşar, hansı qərarlarımı səmimiyyətlə yerinə yetirməyə başlayardım?"
İnsanın bunları fikirləşməsi və doğru qərar verməsi üçün mütləq təhlükəli vəziyyətə düşməsi lazım deyil. Hətta belə bir təhlükə ilə qarşılaşmadığı üçün heç kim aldanmamalıdır. Bəlkə də bu gün belə vəziyyətə düşməyəcəyini düşünən insanın başına çox yaxın vaxtlarda buna oxşar bir iş gələcək. Yaxud, bəlkə də ömrünün axırına qədər heç bir təhlükə ilə üzləşməyəcək. Amma qəti olan bir şey var ki, onun üçün təqdir edilən ölüm anı gəlib çatan kimi ölüm mələklərini yanında görəcək. Ölümün həqiqət olduğunu görəndə isə əgər Allah`ın rizasına uyğun yaşamayıbsa, mütləq peşman olduğunu hiss edəcək.
Bu peşmançılıqla dünyada da, axirətdə də qarşılaşmamaq üçün dünyada yerinə yetiriləcək tək məsələ Allah`a üz tutmaq, Onu sevmək, Ondan çəkinmək, Onun Quranda bildirdiyi əmrləri həyatına tətbiq etməkdir. Ölüm çox yaxındır. Elə isə insan edəcəklərini heç bir şəkildə gecikdirməməli, verdiyi qərarları da səbir və iradə ilə həyata keçirməlidir. Allah`a olan yaxınlığının, səmimiyyətinin ölçüsü isə çarəsizlik və təhlükə anında Allah`a üz tutub, iman gətirən adamın göstərdiyi yaxınlıq və səmimiyyət qədər olmalıdır. Həmçinin bu yaxınlıq və səmimiyyəti qalan bütün ömrü boyunca davam etdirməlidir.
İnsanların yaddan çıxarmaması vacib olan ən əsas həqiqət budur: insanın dünyada yaşamasının əsl məqsədi Allah`ın razı olduğu bəndə olmaqdır. Bunun xaricindəki hər şey- qazandığı müvəffəqiyyətlər, sahib olduğu mal-mülk, ailəsi, ətrafı, məqamı Allah`a yaxınlaşmaq üçün ancaq bir vasitədir. Bunların ona Allah`a şükür etməsi, Ona üz tutması üçün verildiyini yaddan çıxarıb və ya fərqində olmayıb, sadəcə bu vasitələri əldə etməyi qarşılarına məqsəd qoyanların isə etdikləri hər şey boşa çıxacaq. Dünyada əldə etdikləri müvəqqəti faydalar həmin insanlara axirət günündə heç nə qazandırmayacaq. Üstəlik, Allah daha çox belələrinin hüsrana düçar olacaqlarını bir Quran ayəsində belə açıqlayır:
De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər." Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik. (Kəhf surəsi, 103-105)
Əgər insan dünyadakı halı, davranışları və əxlaqı ilə Allah`ı razı salarsa, Allah onu dünyada da, axirətdə də qoruyacaq. Ancaq dünyada ikən bu fürsəti əlindən buraxarsa, ölüm mələkləri yanına gələndə artıq düzəldə bilməyəcəyi səhvləri anlayacaq və sonsuza qədər sürən peşmançılıq içində yaşayacaq. Quranda Rəbbinin hüzuruna çıxarılanda etdiklərinə görə peşman olan insanların etirafı belə bildirilir:
O: "Kaş (axirət )həyatım üçün əvvəlcədən hazırlıq görəydim!" deyəcəkdir. (Fəcr surəsi, 24)
"..."Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!"  (Kəhf surəsi, 42)
"... Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim!" (Furqan surəsi, 27)
Etdiklərinə görə peşman olub, çarəsizlik içində bu sözləri söyləmək istəməyən hər bir insan vaxt itirmədən, elə indi onu yaradan Rəbbinə üz tutmalı və Onun istədiyi şəkildə həyatını davam etdirməlidir.

Dünyadakı peşmançılıqdan ibrət götürmək lazımdır

Dünya həyatı insanların cənnətdəki nöqsansız və sonsuz həyatı qazana bilmələri üçün verilmiş çox əhəmiyyətli bir fürsətdir. Bu fürsətdən istifadə edə bilməyərək dindən uzaq yaşayan insanlar isə yuxarıda da qeyd etdiyimiz kimi, axirətdəki əzabı görəndə, mütəmadi olaraq dünyada keçirdikləri hər dəqiqənin peşmançılığını yaşayacaqlar. Çünki bu insanlar dünyada kifayət qədər tənbeh edilmiş, cənnətin və cəhənnəmin mövcudluğu barədə xəbərdar olunmuşdular. Onlara həmçinin axirətdəki yerlərini davranışlarının müəyyən edəcəyi bildirilmişdir. Peyğəmbərimizin (s.ə.v) də bildirdiyi kimi, "dünya axirətin tarlasıdır."
Onlara hansı davranışlarının necə nəticə verəcəyi bildirilmişdi. Ancaq bu gedər-gəlməz sona varmamışdan əvvəl dünyada yaşadıqları müddətdə Allah insanlara peşmançılığın necə bir hiss olduğunu daddırır. Ölümdən əvvəl bəlkə düşünə və həqiqəti görələr deyə, peşmançılıq hissini onlara mütləq yaşadır.Bununla yanaşı, peşmançılığı içlərində yaşayan insanlara səhvlərini və yanlış davranışlarını düzəldə bilmələri üçün vaxt da verir. Hər insan dünyada ikən həyatını Allah`ın ondan istədiyi kimi qurmaq və qalan həyatını tövbə edib Allah`ı razı salacaq şəkildə davam etdirmək imkanına malikdir.
Bu baxımdan, dünyada yaşanan peşmançılıq hissi, əslində, insanlara Allah tərəfindən verilmiş çox böyük fürsətdir. Çünki əgər peşmançılıqdan sonra Allah`a üz tuturlarsa, Allah insanların bu səmimiyyətinin əvəzində onları əbədi olaraq xilas edir. Ancaq əksinə, Allah`dan gələn bu tənbeh və fürsətlərə əhəmiyyət verməyərək, vaxtlarını necə gəldi keçirirlərsə, cəzaları sonsuza qədər qurtula bilməyəcəkləri əbədi peşmançılıq və əzab olur.
Səhv edib sonra peşman olan insanlar haqqında Quranda çoxlu misallar göstərilir. Yaşadıqları peşmançılıq bu insanlardan bir qismini Allah`a yönəltmiş, digərlərinin isə həyatlarında bir də eyni səhvləri təkrar etmələrinə şərait yaratmışdır. Bir qisim də müəyyən vaxt keçəndən sonra yaşadığı sıxıntıları yaddan çıxarmış, əvvəlki üsyankar vəziyyətinə qayıtmışdır.
İnsanların səhvlərinə görə çəkdikləri peşmançılığın onları tövbəyə məcbur etməsinə və doğru yola yönəltməsinə nümunə kimi, Quranda hz. Peyğəmbərimiz dövründə mübarizədən kənarda qalan üç nəfər göstərilir:
Allah bəzilərinin qəlbi yayınmaq üzrə olduqdan sonra Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki (Allah) onlara qarşı şəfqətlidir, rəhmlidir. Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah`dan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 117-118)
Yuxarıdakı ayələrdə də göründüyü kimi, o dövrdə Peyğəmbərdən dala qalan üç nəfər daxilən çox peşman olmuşdular. Ancaq bu hissdən qurtulmaq üçün yeganə yolun yenə Allah`a sığınaraq tövbə etmək olduğunu da başa düşmüşdülər. Həqiqi peşmanlıq insanları tez bir zamanda hərəkətə gətirən, onları dəyişdirən, səhvlərini düzəltməyə istiqamətləndirən peşmanlıqdır. Belə səmimi peşmançılıqla insanlar həyatlarının qalan hissəsini Allah`ın razılığına uyğun yaşayar və Allah`ın bağışlayan və mərhəmətli olduğunu görməyə ümid edərlər. Çünki Allah tövbələri qəbul edər və səhvlərini düzəldən bəndələrini bağışlayar:
Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah bağışlayandır, rəhmlidir! Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allah`a tərəf qayıtmış olar. (Furqan surəsi, 70-71)
Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra bağışlayandır, rəhmlidir.  (Əraf surəsi, 153)
Mən, həqiqətən də, tövbə edib, iman gətirib yaxşı işlər görən, sonra da doğru yolu tutanları bağışlayıram.  (Taha surəsi, 82)
Eyni zamanda, Quranda peyğəmbər göndərilən qövmlərin etdikləri böyük səhvlərə görə peşman olduqları da bildirilir. Məsələn, hz. Musanın Tur dağına getməsindən istifadə edən qövmü Allah`ı unudub, bir heykələ sitayiş etməyə başlamış, ancaq hərəkətlərinin böyük səhv olduğunu biləndə çox peşman olmuşdular. Qövmün peşman olması Quran ayələrində belə bildirilir:
Musanın ardınca qövmü öz zinət əşyalarından böyürən bir buzov heykəli düzəltdilər. Məgər (bu heykəlin) onlarla danışmadığını, onlara düz yol göstərmədiyini görmürdülərmi? Ona ilah kimi sitayiş edib zalımlardan oldular. Onların əlləri yanlarına düşdükdə və azdıqlarını gördükdə: "Əgər Rəbbimiz bizə rəhm etməsə və bizi bağışlamasa, əlbəttə, ziyana uğrayanlardan olarıq", – dedilər. (Əraf surəsi, 148-149)
Quranda bu mövzuda göstərilən başqa bir misal isə bağ sahibləri ilə bağlıdır. Bağ sahibləri Allah`ın nemət olaraq verdiyi bağı özlərininki sayıb qürrələnmiş və Allah`a şükür etməyi unutmuşdular. Lakin bundan sonra gələn əzab onların bu davranışlarına görə peşman olmalarına və Allah`a üz tutmalarına səbəb olmuşdu:
Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik. O zaman (bağ sahibləri) səhər açılanda (bağda olan meyvələri) mütləq dərəcəklərinə and içmişdilər. Və heç bir istisna da etməmişdilər. Onlar yuxuda ikən Rəbbinin əzabı (o bağı) bürüdü. (Bağ) (yanıb) zülmət gecə kimi (qapqara) oldu. Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar: "Əgər dərəcəksinizsə, bağınıza erkən gedin!" Onlar (bağa) yollandılar, bir-birlərinə pıçıldayırdılar: "Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!" Onlar bu məqsədlə (kasıbları bağa buraxmamağa) qadir olacaqlarını zənn edib erkən getdilər. (Bağı) görəndə isə (belə) dedilər: "Deyəsən, biz düz gəlməmişik! Xeyr! Biz məhrum olmuşuq!" Onların ən insaflısı dedi: "Məgər mən sizə (Allah`ın şəninə) təriflər söyləyin deməmişdimmi?" Onlar dedilər: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!" Onlar dönüb bir-birlərini qınamağa başladılar. (Və) dedilər: "Vay halımıza! Biz həddi aşanlarıq! Ola bilsin ki, Rəbbimiz bizə (bu bağın) əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik". (Qələm surəsi,17-32)
Təəssüf ki, insanların əksəriyyəti dünyada ikən peşman olmaları və tövbə edib saleh əməllər etmələri üçün gələn tənbehləri şərait və şərtlər dəyişəndə, yenə bir fürsət veriləndə tez yaddan çıxarırlar. Bu tənbehi görməzlik üzündən əvvəlki vəziyyətlərinə qayıdanların tövbə etmədikləri müddət ərzində nankorluqları əvəzsiz qalmayacaq.Hz. Salehin peyğəmbər olaraq göndərildiyi Səmud xalqının başına gələnlər də bu qəbildəndir. Allah`ın elçisi onları açıq şəkildə tənbeh etdiyi, peşman olacaqlarını, əzabla qarşılaşacaqlarını bildirdiyi halda, onlar təkidlə üsyan etməyə davam etmişdilər. Əlbəttə, Allah vədindən dönməzdir və bu insanlara vəd etdiyi əzabı onlara göstərmişdir:
Dedi: "Bu, dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar." Onlar dəvənin diz vətərini kəsdilər, sonra da peşman oldular. Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti yenə iman gətirmədi. Həqiqətən, sənin Rəbbin qüdrətlidir, rəhmlidir. (Şüəra surəsi, 155-159)
Yadda saxlayın ki, Allah sonsuz ədalət sahibidir. Edilən heç bir xətanı əvəzsiz buraxmaz. Ancaq Onun razı qalmasından ötrü edilən gözəl əməllərin əvəzini bir neçə qat artıqlaması ilə verir. Səmimi peşmançılıq duyaraq Ona üz tutan hər bir kəsi qurtaracağını və onu rəhməti, cənnəti ilə mükafatlandıracağı haqda müjdələyir. Bu vəziyyətdə insan özü-özünə bu sualı verməlidir: Dünyada yaşadığın müvəqqəti bir peşmançılığın nə qədər böyük sıxıntı verdiyini bildiyin halda, sonsuzadək davam edəcək peşmançılığı yaşamağın düzgündürmü? Üstəlik, əzabın bir an da olsa, yüngülləşdirilməyəcəyi cəhənnəm həyatındakı peşmançılığı yaşamaq...
Əlbəttə, heç kim belə peşmançılığı çəkə bilməz. Bu vəziyyətdə insanın görməli olduğu iş məlumdur. Dünyada bu fürsəti dəyərləndirmək imkanı hələ hər insan üçün mövcuddur. Bu fürsətdən istifadə edən insan nəinki cəhənnəm əzabından qurtulacaq, həm dünyadakı, həm də cənnətdəki bütün nemətlərin sahibi olacaq.
Bu nemətlərə qovuşmaq və cəhənnəm əzabı çəkmədən yaşamaq istəyən hər bir insan həyatını Allah`ın razılığını qazanmaq üzərinə qurmalıdır. Qeyd-şərtsiz Onun dəvət etdiyi, qaranlıqlardan nura çıxaran yolun yolçusu olmalıdır:
Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı rəhmlidir. (Möminlərin) Ona qovuşacaqları gün xeyir-duaları salam olacaqdır. (Allah) onlara olduqca gözəl mükafat hazırlamışdır.  (Əhzab surəsi, 43-44)

İnkarçılar üçün əbədi peşmançılığın başlanğıcı: ölüm

İnkarçılar üçün əbədi peşmançılığın başlanğıcı: ölüm

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız! (Ənbiya surəsi,35)
Ölüm axirətin mövcudluğuna inanmayanlar tərəfindən bir son, yox olma kimi qəbul edilir. Halbuki, bu, çox yanlış bir düşüncədir; çünki ölüm son deyil, əksinə, başlanğıcdır. İman gətirənlər üçün nöqsansız, bütün nöqsanlardan təmizlənmiş sonsuz bir cənnət həyatının başlanğıcıdır. İnkar edənlər üçünsə böyük bir əzabın sonsuza qədər davam edəcəyi cəhənnəm həyatına keçid mərhələsidir. Bu həqiqəti qavrayan insanlar ölümlə birlikdə dünyada gözəl bir sonu və axirətdə gözəl bir başlanğıcı eyni anda qazanarlar. İnkar edənlər isə onlara əvvəlcədən xəbər verilən bu həqiqəti qulaqardına vurmağın əvəzedilməz peşmançılığı ilə qarşılaşarlar. Sonsuza qədər hər an bu peşmançılığı hiss edər və bundan qurtulmanın heç bir yolunu bula bilməzlər.
İnsanların əksəriyyəti ölümlə qarşılaşana qədər onun haqqında fikirləşmək istəməsələr də, bu, qəti olaraq gerçəkləşən bir hadisədir. Çünki Allah ölümü dünya həyatının nəticəsi olaraq yaradıb. İndiyə qədər heç bir insan ölümü özündən uzaqlaşdırmağı bacarmayıb. Heç kimin malı, pulu, etibarı, dostları bu məsələdə ona yardımçı ola bilməyib.
Hər insan mütləq ölümlə qarşılaşır. Quranda bu həqiqət bir çox ayədə xəbər verilir:
Harada olursunuzsa olun, ölüm sizi haqlayacaq. Hətta yüksək qalalarda olsanız belə...  (Nisa surəsi, 78)
De: "Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir" (Cümuə surəsi, 8)
Allah əcəli çatmışlara əsla möhlət verməz. Allah sizin nələr etdiyinizdən xəbərdardır. (Münafiqun surəsi, 11)
Elə isə ölümü və ölümdən sonrakı həyatı düşünməmək insanı bu həqiqətlə üz-üzə gəlməkdən qurtara bilərmi?
Təbii ki, bu sualın cavabı "xeyr"dir. Ölüm qarşısında çarəsiz qalan insan ağılla davranıb davamlı ölüm üzərində düşünməli və axirət həyatına hazırlıq görməlidir. Peyğəmbərimizin (s.ə.v) də dediyi kimi: "Ölümü tez-tez xatırlayın. Allah ölümü çox düşünən şəxsin qəlbini açar, ölümünü asanlaşdırar. " (Əbu Hüreyrədən rəvayət olunur)
Əlbəttə ki, xeyr! İnsan ölüm qarşısında çarəsiz olduğu üçün bu vəziyyətdə edilməli ən ağıllı davranış Allah`ın qəti olaraq olacağını bildirdiyi axirət həyatına indidən hazırlaşmaqdır.Dünya həyatında axirəti fikirləşməyənlər ölümlə ona hazır olmamışdan əvvəl qarşılaşırlar. "İndi necə olsa, cavanıq; yaşamaqdan ləzzət alaq, qocalanda axirəti düşünərik" deyənlər bəlkə də heç vaxt belə bir fürsətləri olmayacağını bilirlər. Çünki ölüm Allah`ın təqdir etdiyi anda gerçəkləşir. İnsan qocalmadan, gənc yaşda da ölə bilər. Bu vəziyyətdə ancaq gələcəklə bağlı planlar hazırlayıb, Allah`ın əmrlərini yerinə yetirməyi gecikdirmək insanın böyük peşmançılıq yaşamasına gətirib çıxarır.
Bütün həyatını Allah`ı fikirləşmədən yaşayanlar ancaq ölümü hiss edəndə belə peşmançılığa mübtəla olurlar. Çünki belə bir tövbə ancaq ölüm qorxusundan yaranan, səmimi olaraq düzəltməyə niyyəti olmayan, dolayısilə də Allah qatında qəbul edilməyən bir tövbədir. Bəzi adamlar bu həqiqəti bildikləri halda, bütün həyatları boyunca ancaq özləri üçün yaşamağı tərcih etmiş və onlara verilən möhlətin sona çatdığını anladıqlarında mənfəət yollarının qalmadığını görmənin çaşqınlığı içində özlərini qurtarmağa çalış-mışdılar. Ancaq bununla heç bir nəticəyə nail ola bilməzlər. Çünki Allah onların qeyri-səmimiliyinə şahiddir. Ayələrdə də bildirildiyi kimi, Allah insanların daxilində olanı, heç kimin bilmədiyi ən gizli sirləri də biləndir. O, ölümlə bağlı tövbəni qəbul etməyəcəyini belə xəbər vermişdir:
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: "Mən indi tövbə etdim!" deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 18)
Allah belə insanlara bir fürsət veriləndə, yenə nankorluq edəcəklərini bir çox ayədə bildirmişdir. Bu mövzuda bir ayədə belə buyurulur:
Odun üzərində dayandırıldıqları vaxt onların: "Kaş ki, bizi qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq" , – dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri onlara aşkar oldu. Əgər onlar qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar. (Ənam surəsi, 27-28)
Buna görə də "necə olsa, axırda iman gətirər, tövbə edərəm" kimi düşüncəyə qapılmaq çox səhvdir və insanları cəhənnəm əzabından qurtara bilməz. Elə isə insan ölümlə qarşılaşanda əbədi peşmanlığın başlamasını istəmirsə, bu dünyada mütləq Rəbbinə qovuşacağını və dünyada etdiklərinin hesabı sorulacağını yadında saxlayaraq yaşamalıdır.

İnkar edənlərin ölüm anındakı peşmanlıqları

Yaşadıqları qısa müddət ərzində insanlara dəfələrlə cənnət və cəhənnəmin varlığı, axirət üçün hazırlaşmalarının vacibliyi bildirilir. Ancaq inkarçılar hər dəfə üzlərini çevirir və onlara verilən fürsətləri dəyərləndirə bilmirlər. Belələrinin ölümlə qarşılaşanda yaşadıqları böyük peşmançılığın əsl səbəbi də öz əlləri ilə özlərini bu vəziyyətə salmalarıdır. Axı heç kim onları məcbur etməyib, öz iradələri ilə hərəkət edərək bu pis nəticəni seçiblər.
İnkarçılar bu səhv seçimin nəticəsində ölərkən əzabı çəkməyə başlayırlar. Bu əzabın başlanğıcı isə ayələrdə də bildirildiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxudan Quranda belə bəhs edilir:
... və ayaq ayağa dolaşacağı zaman - o gün (hər kəs) Rəbbinin hüzuruna gətiriləcəkdir. O, nə təsdiq etdi, nə də namaz qıldı. Yalan saydı və üz döndərdi. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!  (Qiyamə surəsi, 29-35)
Ancaq unutmamaq lazımdır ki, bu qorxunu ancaq dini həqiqətləri inkar edənlər yaşayırlar. Çünki iman gətirən insanlar bütün həyatlarını Allah üçün yaşadıqlarına görə qəlbləri ümidlə doludur.
İnkar edənlər isə ölümlə birlikdə böyük bir peşmançılıq yaşayırlar, ancaq bu, onlara veriləcək əzabların heç birinin qarşısını almağa kifayət etməyəcəkdir. Allah inkar edənlərin canlarının böyük əzab və çətinliklə alınacağını bildirir:
... Zalımları ölüm girdabında olduqda, mələklərin də əllərini uzadıb: "Canlarınızı çıxarın! Allaha qarşı nahaq sözlər söylədiyinizə və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə bu gün siz cəzalandırılacaqsınız!" (–dediklərini) bircə görəydin. (Ənam surəsi, 93)
Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alanda necə olacaq? (Muhəmməd surəsi, 27)
İnkarçıların ölüm anında yaşadığı bu vəziyyəti dünya şərtləri ilə anlamaq, əlbəttə, mümkün deyil. Ancaq Allah insanların düşünüb belə bir vəziyyətlə üzləşməkdən çəkinmələri üçün bunu əvvəlcədən xəbər vermişdir. Ölüm mələkləri ayələrdə də açıqlandığı kimi, inkar edənlərin kürəklərinə və üzlərinə vura-vura canlarını alacaqlar.
Onlar bir yandan fiziki ağrı hiss edəcəklər, bir yandan da, əlbəttə, bu əzabla birlikdə peşman olmağa başlayacaqlar. Çünki həmin andan etibarən qayıtmağa imkanları qalmamışdır. Həmçinin, bunu da bilmək lazımdır ki, ölüm anında insan başına gələnləri bəlkə də həmişəkindən daha aydın şüurla dərk edir. Əslində isə ölümdən sonra insan üçün daha sonsuz bir həyat başlayır. Ölüm ancaq keçid mərhələsi, ruhun bədəndən ayrılaraq sonsuzluq məkanına gedişidir.
İnkarçılar canları alınarkən onlara çəkdirilən əziyyətdən başa düşürlər ki, artıq sonsuza qədər davam edəcək böyük bir əzabla üz-üzə durublar. Bütün həyatı boyunca Allah`ın dinindən üz çevirənlər həmin an onları bu əzabdan qurtarması və bağışlaması üçün bütün gücləri ilə Allah`a yalvararlar. Peşman olmuş halda, dünyaya dönməyi, saleh əməllər işləmələri və itirdiklərinin əvəzini çıxmaları üçün bir fürsət də verməsini arzulayarlar. Ancaq bu istəkləri qəbul edilməz, çünki onlara Quran ayəsinin ifadəsi ilə desək, nəsihət alanın ala biləcəyi qədər möhlət verilmiş, cənnət və cəhənnəm həyatı xatırladılmış, amma onlar bilə-bilə bu həqiqətlərdən üz döndərmişlər. Belələrinə imkan verilsə belə, bütün peşmanlığı yaddan çıxararaq yenə inkarı seçəcəkləri Quranda belə bildirilmişdir:
Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri edəm" . Xeyr! Onun bu dedikləri ancaq bir sözdür... (Muminun surəsi, 99-100)
İnkar edənlər dünyada Allah`a qəsdən səcdə etməmiş, Onun hökmlərini yerinə yetirməmiş və Onun əmr etdiyi gözəl əxlaqı qəbul etməkdən uzaq olmuşlar. Ölüm gələndə isə nə qədər istəsələr də, buna güc çatdıra bilməyəcəkləri belə açıqlanır:
Ayağın açılacağı və onlar səcdəyə çağırılacaqları, lakin qadir ola bilməyəcəkləri gün onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda, səcdə qılmağa dəvət olunurdular. (Qələm surəsi, 42-43)
Ölümlə birlikdə Allah`ın vəd etdiyi hər bir hadisənin olduğunu dərk edən bu insanların peşmançılığını artıran bir məsələ də var. Onların dünyada ikən inanmadıqları, sözlərini ciddi qəbul etmədikləri möminlər o gün inkar edənlərin çəkdiyi əzabların heç birinə düçar olmazlar. Onlar bütün həyatlarını səmimiyyətlə, Allah`ın razılığını istəyərək keçirdiklərinə görə, sonsuza qədər hər şeyin ən gözəli ilə mükafatlandırılacaqlar. İnkarçılardan fərqli olaraq, onların canı heç əziyyət verilmədən "yavaş" alınır (Naziat surəsi,2). Ayədə bildirildiyinə görə, mələklər ölüm anında möminləri salamlayar və onlara cənnət müjdəsini verərlər:
... O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: "Sizə salam olsun! Əməllərinizə görə cənnətə girin!" (Nəhl surəsi, 32)
Bu, inkar edənlər üçün daha bir mənəvi əzabdır. Çünki dünyada möminlərə verilən imkan və fürsətlər onlara da verilmişdi. Ancaq onlar dünya həyatının keçici mənfəətlərindən istifadə edə bilmək məqsədilə bilə-bilə cənnəti itirmişlər. Dünyanın müvəqqəti bir sınaq yeri, axirətin əsl həyat olduğu onlara xatırladılanda bunu başa düşmək, dünyada axirət üçün faydalı ola biləcək əməllər tutmağı istəməmişlər. Halbuki, Allah`ın əmr etdiyi gözəl əxlaqı yaşamaq, saleh bir mömin olmaq ancaq səmimi niyyət etməklə və bu niyyətdə iradə göstərməklə hər insan üçün mümkündür. Ölüm anında bütün bunları düşünmək inkar edənlərin içindəki peşmançılığı daha da çoxaldır.
Allah bir ayədə "Yoxsa günah qazananlar onları həyatda olduğu kimi, ölümlərindən sonra da iman gətirib yaxşı işlər görənlərlə eyni tutacağımızı güman edirlər? Nə pis mühakimə yürüdürlər!" (Casiyə surəsi, 21) buyurmaqla hər kəsin yaşayış tərzinə görə ancaq haqq etdiyinin əvəzini alacağını xəbər verir.
Bununla yanaşı, cəhənnəm əzabının onlar üçün hazırlandığını bilməyin yaratdığı qorxu da inkarçıların peşmançılıqlarını qat-qat artıracaqdır. Çünki o ana qədər ancaq canlarının əziyyətlə alınmasının verdiyi əzabı yaşamışdılar, sonra onları nələrin gözlədiyini çox yaxşı başa düşmüşdülər.
İnkar edənlərin ölümlə başlayan bu peşmançılıqları sonsuza qədər davam edəcəkdir. Hər dəqiqə, hər saat və hər gün heç azalmayan əzabın içində qalacaq və peşmançılıqdan heç vaxt qurtula bilməyəcəklər.
Halbuki, belə böyük və sonsuz bir peşmançılığı yaşamamaq insanın öz əlindədir. Ölümün və axirətin həqiqətini başa düşmək üçün onlarla qarşılaşmağı gözləməyə ehtiyac yoxdur. İnsan üçün Allah`ın vədi kifayətdir. Ölümdən sonra Allah`ın ədaləti qəti olaraq öz yerini tapacaq. İnkar edənlər cəhənnəmlə cəzalandırılacaq, iman edənlər cənnətə qovuşacaqlar.
Elə isə hələ ki ölümlə qarşılaşmayan hər insanın edəcəyi ən ağıllı davranış Allah`a sığınmaq və Onun rəhmətini istəməkdir. Eyni zamanda, Allah`ın insanlara yol göstərici kimi göndərdiyi Quranı çox yaxşı öyrənmək və onun göstərdiyi yola uyğun yaşamaqdır.
Ölüm həqiqətini düşünməyərək onu özündən uzaqlaşdırmaq yox, əksinə, ölümün çox yaxın olduğunu fikirləşərək hərəkət etməyin insana faydası var. Allah`a üz tutan insan dünyada və axirətdə Rəbbinin razılığını qazanır və özü də razı salınaraq, cənnətə düşür:
Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın (cərgəsinə) keç! Cənnətimə daxil ol! (Fəcr surəsi,27-30)
Ölümün peşmançılığından qurtulmaq və cənnətin sonsuz gözəlliklərinə qovuşmaq istəyən insan ölümü və ölümdən sonrakı həyatı indidən düşünməli və onu yaradan Rəbbinin yolunu seçməlidir.

Hesab gününün peşmançılığı

Hesab gününün peşmançılığı

Sur üfürüləcək və Allah`ın istədiyi kimsələrdən başqa göylərdə və yerdə kim varsa, hamısı öləcəkdir. Sonra bir daha ona üfürülən kimi onlar qalxıb baxacaqlar. Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir.Hər kəsə öz əməlinin əvəzi tam veriləcəkdir. Allah onların nə etdiklərini yaxşı bilir. (Zumər surəsi, 68-70)
Dünyaya gəlib-getmiş bütün insanlar hesab günü dirildiləcəklər. Ancaq inkar edənlər üçün diriliş anı çətin keçəcək. İnkarçıların diriliş anındakı çaşqınlığı və o vəziyyətdəki danışıqları Quranda belə xəbər verilir:
Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli (Allah`ın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş". (Yasin surəsi, 52)
Haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) "Vay halımıza! Biz bundan qafil idik. Üstəlik, zalım da olmuşuq!" (Ənbiya surəsi, 97)
"Vay halımıza!" nidası onların yaşadığı böyük qorxu və peşmançılığın ifadəsidir. Çünki həyatları boyu onları axirətlə tənbeh edib qorxudan insanların doğru söylədiklərini yenidən dirildikləri gün başa düşəcəklər. Dolayısilə, onlara vəd edilən başqa şeylərin də başlarına gələcəyini artıq anlayacaqlar. Bir zamanlar həqiqət olduğuna inanmadıqları əzabı çəkməyə məcbur ediləcəklər və qurtulmaq imkanları da olmayacaq.
İnkar edənlər dirilişdən sonra Allah`ın hüzuruna gətiriləcəklər və bütün əməllərindən dolayı sorğu-suala çəkiləcəklər. Bu hesablara görə də barələrində hökm veriləcək. Bundan ötrü onlar kimi dünyada Allah`ın qoyduğu məhdudiyyətləri tanımayan, qürurlanaraq hərəkət edən insanların hamısı birlikdə Allah`ın hüzuruna gətiriləcəklər:
Sur üfürüləcəyi gün siz dəstə-dəstə gələcəksiniz. (Nəbə surəsi, 18)
Bu hesab günü inkarçılar heç nəyin Allah`ın razılığını qazanmaqdan və Onun əzabından qorunmaqdan daha əhəmiyyətli olmadığını anlayarlar. Bu, həmçinin Peyğəmbərimizin (s.ə.v) qiyamət günü sorğu-sual olunan bir inkarçını nümunə verdiyi hədisdə qeyd olunur: İnkarçı qiyamət günü gətirildikdə ondan soruşulacaq: "Bütün yer üzünü örtəcək qədər qızılın olsa, özünü xilas etmək üçün onları fidyə verərdin?" O, cavab verəcək: "Bəli". Sonra ona deyiləcək: "Bundan daha asanı səndən istənildi. [Allah`a şərik qoşmamaq (yəni İslamı qəbul etmək; amma sən imtina etdin)]" (Buxari) Allah`ın gücünü və varlığını təsdiqləyən dəlillər açıq olduğu halda və Allah Onun razılığını qazanmağın yollarını göstərməsinə baxmayaraq, bu fürsətdən nə üçün yararlana bilmədiklərini fikirləşdikcə yaşadıqları peşmançılıq daha da şiddətlənəcək. Danışıqlarından içlərindəki peşmançılıq açıq-aşkar hiss ediləcək:
Həmin gün zalım kimsə barmaqlarını dişləyərək deyəcəkdir: "Kaş ki, mən Peyğəmbərin yolunu tutub gedəydim! Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki zikr mənə çatdıqdan sonra o, məni ondan uzaqlaşdırdı." Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır.  (Furqan surəsi, 27-29)
İnkar edənlər hesab günü bütün bunları düşünərkən tamamilə öz hallarının qeydinə qalarlar. Belə ki, nə uşaqlarını, nə həyat yoldaşlarını, nə analarını, nə də atalarını gözləri görər. Allah bu vəziyyəti Quranda belə təsvir edir:
Qulaqbatırıcı bir səs gələndə. O gün insan qaçacaq öz qardaşından, anasından, atasından, arvadından və övladlarından! O gün onlardan hər birinin yetərincə işi olacaqdır.  (Əbəsə surəsi, 33-37)
Qohumluq əlaqələrinin daha onlar üçün heç bir əhəmiyyəti qalmamışdır. Bu adamlar üçün əsas olan yeganə məsələ Allah`ın əzabından qurtula bilməkdir. Bunun müqabilində isə övladlarını, həyat yoldaşlarını, bacı və qardaşlarını fidyə olaraq verməyi də təklif edərlər:
O gün göy əridilmiş metal kimi olacaqdır. Dağlar da yuna bənzəyəcəklər. Dost dostunun halını xəbər almayacaq. (Halbuki) onlar bir-birini görəcəklər. Günahkar o günün əzabından qurtarmaq üçün fidyə vermək istəyər – öz oğullarını, həyat yoldaşını və qardaşını, ona sığınacaq vermiş nəslini və yer üzündə olanların hamısını – təki (bu) onu xilas etsin. Xeyr! Bu, alovu (şölələnən) Oddur. (Məaric surəsi, 8-14-15)
Əlbəttə, hesab günü inkar edənlərin sərf etdikləri bu əmək nəticəsiz qalacaq. Həmin insanların dünyada ikən mal, məqam və övlad sahibi olmaq ən böyük arzuları olmuşdu. Hətta bu məqsədlərinə çatmaq üçün bütün həyatlarını sərf etmişdilər. Ancaq hesab günü bunların heç birinin dəyəri olmadığını başa düşəcəklər. Allah`ın yanına gətirildikləri an inkarçıların yox olmaq istədikləri, möminlərin isə həvəslə gözlədikləri və sevincli olduqları andır. Allah bu anı ayələrdə belə təsvir edir:
O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. O gün (neçə-neçə) üzlərə toz-torpaq hopacaq, onları zülmət bürüyəcəkdir. Məhz onlardır kafirlər, günahkarlar!" (Əbəsə surəsi, 38-42)
O gün insanların sahib olduqları ən qiymətli şey Allah`ın razılığını qazanmaq məqsədi ilə etdikləri yaxşı əməllərdir. Ancaq inkar edənlər əbədi həyatlarını qurtara biləcək bu qiymətli xəzinəyə malik deyillər. Həyatları boyu hesab günü Allah`a təqdim edə biləcəkləri, ortaya çıxaracaqları bir yaxşılıq və xeyirxah iş etməmişlər. İman gətirmədiklərinə görə, özləri yaxşı əməl kimi qəbul etdikləri işlər də hədər getmişdir. Allah bu həqiqətə Quranda belə diqqət çəkir:
De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik." (Kəhf surəsi, 103-105)
Dini inkar edənlər axirət gününün mövcudluğuna həmişə şübhə ilə yanaşdıqları üçün o günə hazırlanmağa ehtiyac hiss etməmiş, ancaq keçici olan həyatda mal toplamaqla, nəfslərinin istəklərinə tabe olmaqla ömürlərini keçirmişlər. İndi isə heç cür düzəldə bilməyəcəkləri bir peşmançılıqla qarşı-qarşıyadırlar:
Deyəcəklər: "Vay halımıza! Bu ki, haqq-hesab günüdür!" (Onlara deyiləcək:)Bu, yalan saydığınız fərqləndirmə günüdür! (Saffat surəsi, 20-21)
Üstəlik, dünyada etmiş olduqları bütün vicdansızlıqlar, pisliklər və nankorluqlar Allah qatında nöqsansız olaraq ortaya çıxarılacaq. Və onlar da etdikləri günahlara şahidlik edəcəklər. Bu vəziyyət Quran ayələrində belə ifadə edilir:
...Onlar Rəbbinin hüzurunda səf-səf duracaqlar. (Biz deyəcəyik:) "Hüzurumuza sizi ilk dəfə yaratdığımız kimi gəldiniz. Amma siz elə güman edirdiniz ki, Biz sizə müəyyən bir vaxt təyin etməyəcəyik." (Hər kəsin) kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: "Vay halımıza! Bu, necə bir kitab imiş! O, böyük-kiçik günahı buraxmadan hamısını sayıb yazmışdır!" Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 48-49)
O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır. (Zəlzələ surəsi, 6-8)
Allah`ın Quran ayələrində bildirdiyinə görə, bundan sonra növbə kitabların verilməsinə gəlir. Kitablar möminlərin sağ tərəflərindən verildiyi halda, inkar edənlərin sol tərəflərindən verilir. İnkarçılar ölüm mələkləri yanlarına gəlib canlarını aldığı andan peşmançılıq hiss edirlər. Bir peşmançılığı da kitabları əllərinə veriləndə keçirərlər. Allah`a qarşı etdikləri günahları görmək istəməz, bir az tez yox olmağı arzu edərlər. Onların bu vəziyyətləri ayələrdə belə ifadə edilir:
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir:"Kaş, kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi." (Haqqə surəsi, 25-29)
... O gün insan öz əlləri ilə nələr etdiyini görəcək, kafir isə deyəcəkdir: "Kaş mən torpaq olaydım!" (Nəbə surəsi, 40)
Kimin kitabı arxa tərəfindən veriləcəksə, o, ölüm diləyəcək və alovlu oda atılacaqdır! Sözsüz ki, o, öz ailəsində sevinc içində idi və elə güman edirdi ki, (Rəbbinin hüzuruna) qayıtmayacaqdır. Xeyr! Sözsüz ki, Rəbbi onu görürdü.  (İnşiqaq surəsi, 10-15)
Bütün bunları görən inkarçılar dünyada yaşadıqları vaxt ərzində nə qədər böyük bir fürsəti qaçırdıqlarını başa düşərlər. Bunu anlayanda da o böyük sıxıntını, yəni peşmançılığı ən şiddətli şəkildə yaşayarlar. Lakin bunun əksinə, möminlərin sevinc içində olduqlarına şahid olarlar. Bunu görən inkarçılar daha çox peşmançılıq çəkərlər. Çünki dünyada ikən inadkarlıqla möminlərin hər çağırışına qarşı çıxmış və özlərinin daha ağıllı olduqlarını düşünərək, onlara arxa çevirmişdilər. Amma bir ayənin ifadəsi ilə desək, dəqiq tərəzilər qoyulmuşdur. Hamı kitabında yazılan əməllərinə görə cənnətə, ya da cəhənnəmə atılacaqdır. Hesab günü inkarçılar hara gedəcəklərini əvvəlcədən başa düşər və buna görə də çox qorxarlar. Belələrinin yaşadıqları qorxu bir ayədə belə bildirilir:
Zalımların qazandıqları özlərinə qarşı çevrildikdə onları bunun qorxusundan titrəyən görəcəksən. (Şura surəsi, 22)
Sonra Allah`ın sonsuz ədaləti təcəlli edər və hər kəsə etdiklərinin əvəzi bir zərrə belə əskik olmadan verilər:
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. (Görülmüş iş) bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.  (Ənbiya surəsi, 47)
Möminlər asan hesaba çəkildikləri halda, inkar edənlərin hesabı çox çətin olar. Allah`ın dünyada onlara bəxş etdiyi hər nemətdən bir-bir hesaba çəkiləcəklər. Allah`ın əmr və tövsiyələrinə tabe olub-olmadıqları, harada nankorluq etdikləri, üsyankar fikirləri, pis sözləri, tənbehləri qulaq ardına vurduqları kimi hər əməlləri barədə hesab verəcəklər. Ancaq qeyri-səmimi bəhanələri həmin gün keçməyəcək, hətta üzr istəmələrinə də izn verilməyəcək. O gün inkarçıların qarşılaşacağı vəziyyət Quranda belə təsvir edilir:
Yalan sayanların o gün vay halına! Bu, (günahkarların) danışa bilməyəcəkləri bir gündür. Onlara üzrxahlıq üçün izin belə verilməyəcəkdir. Yalan sayanların o gün vay halına! Bu, ayırd etmə günüdür. Biz həm sizi, həm də əvvəlkiləri cəm etdik! Əgər hiyləniz varsa, Mənə qarşı işlədin! Yalan sayanların o gün vay halına!  (Mürsəlat surəsi,34-40)
Hesab tərəzisinin yaxşılıqlar toplanan gözü yüngül gələn inkarçılar ayədə deyildiyi kimi, "artıq nə tədarük etdiklərini bilmişdir və gedəcəkləri yer də məlum olmuşdur" (Təkvir surəsi, 14). Bu əzablı yer ayələrdə "Haviyə" olaraq adlandırılmışdır:
Kimin tərəziləri ağır gələrsə xoşbəxt güzəran sürəcək. Kimin tərəziləri yüngül gələrsə, anası haviyə olacaqdır. Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur! (Qariə surəsi, 6 –11)
Bütün bunlar hesab günü inkar edənlərin yaşayacaqları böyük peşmançılığın şiddətini başa düşməkdən ötrü çox əhəmiyyətlidir. Çünki o gün gələndə insan peşman olmaq üçün gecikmiş olacaq. Əgər burada anladılanları düşünüb Allah`ın razı qalacağı "gözəl davranışlarını çoxaldarsa", yuxarıdakı ayədə bildirildiyi kimi, tərəzisi ağır gələcəkdir. Ancaq bu şəkildə əbədi peşmançılıqdan qurtula biləcəkdir.

Cəhənnəmdəki peşmançılıq

Cəhənnəmdəki peşmançılıq

Onlar (cəhənnəm) odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və uğultusunu eşidəcəklər. (Furqan surəsi, 12)

İnkarçıların cəhənnəmi görəndə yaşadıqları peşmançılıq

Hesab günü bütün insanlar bir yerə yığışacaq. Hesablarının müəyyən olunmasından sonra inkar edənlər qruplar halında cəhənnəmə aparılacaqlar. Bu izdihamın arasında tarix boyu Allah`ın varlığını və dinini inkar etmiş, Allah`ın ayələrinə qarşı təkəbbür göstərmiş və üz döndərmiş hər kəs olacaq. Aralarında dünyada ikən özlərini zəngin sayan, insanlar arasında etibar qazanan insanlar da tapılacaq. Lakin bu insanlar dünyada onları qurtaracağını zənn etdikləri şeylərin o gün heç bir faydasının olmadığının şahidi olacaqlar. Quranda bütün inkar edənlərin alçaldılaraq cəhənnəmə tərəf aparılacaqları xəbər verilmişdir. Cəhənnəmin qapısına gələndə isə qapıda duran növbətçilər günahlarını onlara bir dəfə də etiraf etdirəndən sonra bütün inkar edənləri içəri salacaq və cəhənnəmin qapılarını arxalarına bağlayacaqlar. Quranda inkar edənlərin cəhənnəmə aparılmaları haqda belə deyilir:
Kafirlər dəstə-dəstə cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: "Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?" Onlar: "Əlbəttə, (gəlmişdi!)" deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. (Onlara:) "İçində əbədi qalacağınız cəhənnəmin qapılarına girin!"– deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir! (Zumər surəsi, 71-72)
"Bu sizin yer üzündə nahaq yerə sevinməyinizə və qürrələnməyinizə görədir! İçində əbədi qalacağınız cəhənnəmin qapılarına girin! Təkəbbürlülərin yeri necə də pisdir!" (Ğafir surəsi, 75-76)
Bu insanların arasında dünya həyatında Allah`ın əzabı və cəhənnəmlə qarşılaşacaqlarını bilmədiyini deyə biləcək bircə nəfər də yoxdur. Çünki Allah sonsuz ədaləti ilə insanları dünyada ikən tənbeh edən, onları qəflətdən oyandıran bir şəxs göndərərək, onlara Öz varlığını, hesab gününü, cənnəti, cəhənnəmi xatırlatmışdır. Buna görə də inkar edənlərin hamısı cəhənnəm əzabını haqlı olaraq qazandıqlarını təsdiq edəcəklər.
Axı dünyada ikən bildirildiyi halda, qürurlanmışlar və onları yaradan Allah`a bilə-bilə qulluq etməmişlər. Və bunun əvəzində də Allah bu insanların cəhənnəmə boynu bükük girəcəklərini bildirmişdir:
Həqiqətən, "Mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər." (Ğafir surəsi, 60)
Bu insanların bir qismi dünyada özlərinin çox güclü olduqlarını görmüşlər və buna görə də üsyan etmişdilər. Sahib olduqları gücün onları hər cür təhlükədən qoruyacağını zənn etmişdilər. Nə vaxt da onlara cəhənnəmin varlığı, bu dünyada Allah`ın razılığını qazanmaq üçün yaşamağın vacibliyi, axirətdə cənnət yurdunu istəmələri və Allah`ın “Qəhhar” (qəhr edən) sifəti xatırladılsa, belə demişdilər:
"Bəs niyə Allah bizi dediklərimizə görə cəzalandırmır?" – deyirlər. Cəhənnəm onlara yetər. Onlar orada yanacaqlar. Ora necə də pis dönüş yeridir. (Mücadilə surəsi, 8)
Üsyanlarına qarşılıq cəhənnəmin qapılarından içəri salınacaqlar və bir də heç vaxt həmin qapılardan kənara çıxmalarına izn verilməyəcək. Atəşi gördükləri an inkarçılar etdiklərinə görə bir də çox peşman olacaqlar. Quranda bildirildiyi kimi, cəhənnəmdən heç cür qaçış yolu olmadığını başa düşəcəklər:
Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 53)
Dünya həyatında başa düşmək istəmədikləri hər şeyi aydın görəcəklər. Bütün həyatlarını əbəs bir məqsəd uğrunda keçirdiklərini, bir az keçici mənfəət uğrunda sonsuz həyatlarını əzabda keçirəcəklərini başa düşəcəklər. Dünyada yaşadıqları bir neçə on illiyi çox uzun zənn etmiş və buna görə də axirəti düşünməmişdilər. Burada acizliklər və nöqsanlara görə heç vaxt rahat olmayan bir ruh halını yaşamağı nöqsansız, heç bir qüsuru olmayan, yorğunluq, aclıq kimi fiziki vəziyyətlərin də olmadığı, mükəmməl nemətlərlə dolu cənnətdə böyük səadət içərisində yaşamaqdan üstün tutmuşdular. Amma cəhənnəmin qapılarından içəri daxil olandan sonra daha geriyə qayıtmaq imkanlarının olmadığını başa düşəcəklər. Bu səbəbdən də dünyada sahib olduqları hər şeyi fidyə kimi təklif edərək, əzabdan qurtulmağa çalışacaqlar. Quranda onların bu nəticəsiz səyləri barədə deyilir:
...Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan (var-dövlətin) hamısı, üstəlik, bir o qədəri də onların olsaydı, onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer cəhənnəmdir. Ora nə pis yataqdır! (Rəd surəsi,18)
Ancaq belələrinin cəhənnəmə girəcəklərini anlayanda göstərdikləri bu səyin heç bir qarşılığı olmayacaq. Allah onların bu səylərindən bir nəticə hasil olmayacağını xəbər vermişdir:
Bu gün sizdən də, kafirlərdən də heç bir fidyə qəbul olunmaz. Sığınacağınız yer də oddur. Sizə layiq olan elə odur. Ora nə pis dönüş yeridir! (Hədid surəsi, 15)
Əlbəttə, inkarçıların bu səylərinin nəticə verməməsinin əhəmiyyətli bir səbəbi var. Allah hələ dünyada ikən cəhənnəm əzabını xatırladaraq onları tənbeh etmişdir. Və o gün heç bir insanın başqasına kömək edə bilməyəcəyi, onu qurtarmaq üçün heç bir şey verməyəcəyi, lap versə də, bunun qəbul edilməyəcəyi barədə onları xəbərdar etmişdir. İnsanları bu yöndə xəbərdar etmək üçün göndərilən bir ayə belədir:
Qorxun o gündən ki, heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və kömək göstərilməyəcəkdir. (Bəqərə surəsi, 48)
Lakin onlar hər cür xəbərdarlığa baxmayaraq, inkarlarından əl çəkməmiş və bildikləri halda, özlərini belə bir nəticəyə hazırlamışdılar. O gün başa düşəcəkləri ən böyük həqiqətlərdən biri də budur ki, özlərinə zülm etdiklərini, yəni öz əməllərinə görə cəhənnəmi qazandıqlarını biləcəklər.
Bunu başa düşəndə hiss etdikləri peşmançılıq isə əbədi həyatları boyunca heç vaxt azad ola bilməyəcəkləri bir əzab olacaqdır. Çünki artıq çox önəmli bir həqiqətlə qarşılaşıblar. Əgər həyatlarını boş məqsədlərə sərf etmək əvəzinə onları yaradan Allah`ı razı etməyə çalışsaydılar, bu gün cəhənnəmin qapısında yox, cənnətdə olacaqdılar. Amma onlar doğru olanı etməmişdilər və buna görə də əbədi zülmə düçar olmuşdular.
Bir ayədə bildirildiyi kimi, od onların üzərində qapanacaqdır (Bələd surəsi, 20). Yəni cəhənnəmin qapısından içəri daxil olandan sonra bu qapı onlar üçün həmişəlik bağlanacaq. Bu qapının arxasında əbədi yaşayacaqları atəş əzabı vardır. İnkarçılar üçün bu əzabdan heç cür qaçmaq, ya da qurtulmaq imkanı olmayacaqdır. Allah onların atıldıqları bu atəşi Hütəmə adlandırıb:
Sən haradan biləsən ki, Hütəmə nədir? (Bu,) Allahın qaladığı Oddur. Ki, (qalxıb) ürəklərə çatacaq. Həqiqətən, o, onların üzərində qapanacaqdır. (Huməzə surəsi, 5-9)

İnkar edənlərin cəhənnəmdə qarşılaşacaqları əzab

İnkarçıların cəhənnəmdə sonsuza qədər yaşayacaqları peşmançılıqdan danışmadan öncə orada üzləşəcəkləri əzablardan bəhs etmək daha faydalı olacaq. Çünki insan cəhənnəmdəki əzabın çeşidlərini öyrənmədən, orada çəkəcəyi peşmançılığın necə olacağını da dərk etməz.
İnkarçıların yaşadıqları peşmançılıq yuxarıda da qeyd etdiyimiz kimi, cəhənnəmi gördükləri andan başlayır. Cəhənnəmə daxil olarkən və sonra cəhənnəmdəki əzabları yaşayarkən də bu sonu olmayan peşmançılıq davam edər. Allah bu insanların cəhənnəmə girmələrindən sonrakı danışıqlarını belə xəbər vermişdir:
Rəbbinə qarşı çıxanlar cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. Onlar oraya vasil ediləndə onun dəhşətli uğultu ilə qaynadığını eşidəcəklər. Cəhənnəm qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən (cəhənnəmin) gözətçiləri onlardan soruşacaqlar: "Məgər sizə xəbərdarlıq edən gəlməmişdi?" Onlar deyəcəklər: "Əlbəttə, bizə qorxudan gəlmişdi. Amma biz yalançı sayıb: "Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz", – demişdik. Onlar deyəcəklər: "Əgər biz dinləsəydik və ya anlasaydıq, alov (şölələri saçan) od sakinlərinin içində olmazdıq!" Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! (Mülk surəsi, 6-11)
Ayələrdə də bildirildiyi kimi, inkar edənlər cəhənnəmə atılanda birinci dəhşətli səslə qarşılaşacaqlar. Allah Mülk surəsinin 7-ci ayəsində bu səsi: "Onları oraya atanda onlar onun qaynayaraq uğuldadığını eşidəcəklər", deyə təsvir edib. Şübhəsiz ki, inkarçılar bu dəhşətli səsi eşidəndə onları sözlə ifadə olunmayacaq bir sıxıntı və qorxu bürüyəcək. Allah başqa bir ayədə isə atəşi inkar edənlər üçün hirsindən partlayıb-parçalanacaq şəkildə yaratdığını bildirmişdir (Mülk surəsi, 8). Bu dəhşət verən hadisələrə şahid olan inkarçılar necə bir əzabla qarşılaşacaqlarını başa düşməyin verdiyi çarəsizliyi yaşayacaqlar. Və yuxarıdakı ayələrdə bildirildiyi kimi, dünyada bunları düşünə bilmədiklərinin peşmançılığını etiraf edən danışıqları olacaq. Belə bir sıxıntı yaşamaları isə son dərəcə adi haldır.
Çünki qarşılaşacaqları hər əzab bir-birindən dəhşət verici və can yandıran olacaq. Allah ayələrində cəhənnəmin ən pis yer olduğunu bildirmişdir:
... Ora nə pis qayıdış yeridir! (Ali-İmran surəsi, 162)
... Ora nə pis dönüş yeridir. (Nisa surəsi, 115)
... Zalımların məskunlaşacağı yer necə də pisdir! (Ali-İmran surəsi, 151)
Ora necə də pis yaşayış yerdir. (İbrahim surəsi, 29)
Cəhənnəm əhli bu pis yerə böyük izdiham şəklində atılacaq. Bir ayədə "Onlar azğınlarla birlikdə oraya atılarlar" (Şüəra surəsi, 94) şəklində bildirilmişdir. Bu ifadələrdən dünyada mal-mülk sahibi, etibarlı insanlar olduqlarını düşünərək, qürurlananlar da daxil olmaqla, bütün inkarçıların cəhənnəm atəşinə dəyərsiz bir yığın halında töküləcəkləri anlaşılır.
Dünyada özlərini böyük göstərmələrinin əvəzində onlar həmin gün alçaldılacaqlar. Orda heç vaxt onlara dəyər verilməyəcək. Onlar cəhənnəmin odunu olacaq və atəşin mənbəyi tək sonsuza qədər əzab içərisində qovurulacaqlar:
Siz və Allah`dan başqa tapındıqlarınız cəhənnəm odunusunuz. Siz ora girəcəksiniz.(Ənbiya surəsi, 98)
... Onlar cəhənnəmin yanacağıdırlar.  (Ali-İmran surəsi, 10)
Quranda bəhs olunan cəhənnəm əzabları çox müxtəlifdir. İnsanlar orada bir ayənin ifadəsi ilə söyləsək, bütün zamanlar boyu, yəni sonsuza qədər hər an əzabla üz-üzə olacaqlar. Bu əzab növlərindən bəzilərini sadalaya bilərik; məsələn:
Furqan surəsinin 13-cü ayəsində inkarçıların atəşin sıx yerinə əlləri boyunlarına bağlı şəkildə atılacaqları xəbər verilmişdir. Məlum olduğu kimi, insanlar darısqal yerdə bir neçə dəqiqədən artıq qalanda çox narahat olur və tez oradan çıxmaq istəyirlər. Bu bir yana, hətta özlərini bağlı və dar yerdə təsəvvür etmək də istəməzlər. Cəhənnəmdə veriləcək əzab isə dünyadakı ilə müqayisə edilməyəcək qədər böyükdür. İnkarçılar orada həm dar yerə atılacaqlar, həm də olduqları yerdə atəşdə yanacaqlar. Üstəlik, əlləri boyunlarına bağlı olduğu üçün atəşdən qurtulmaq bir tərəfə dursun, heç tərpənməyə də imkan tapa bilməyəcəklər. Əlbəttə, insan bu cür vəziyyəti xəyalında canlandıranda belə çox şiddətli narahatçılıq hiss edər. Bunu yaşamağın necə əzablı olduğu isə artıq məlumdur. 
Allah başqa bir ayəsində inkarçıların "qapqara tüstüdən kölgə içində olacaqlar"ını bildirmişdir (Vaqiə surəsi, 43-44). Ancaq kölgə deyiləndə insanlar sərin bir yer başa düşürlər. Halbuki, cəhənnəmdəki kölgə dünyadakından tamamilə fərqlidir. Allah bu kölgənin nə sərinlədici, nə də fərəhləndirici olduğunu xəbər vermişdir.
Cəhənnəmdə digər dəhşətli əzab növü insanların əbədiyyən ölməməsidir. Çünki ölüm onlar üçün qurtuluş -əzabdan qurtulmaq üçün bir yoldur. Buna görə də Allah onların ölmələrinə izn verməyəcək. Ayələrdə xəbər verildiyi kimi, "onlara hər tərəfdən ölüm gələr, lakin ölməzlər " (İbrahim surəsi, 17). Yəni dünyada ikən ölümə səbəb olan hər cür hadisə ilə orada da üzləşəcəklər və bu hadisələr zamanı hiss edilən əzabları, sıxıntıları, qorxuları real olaraq yaşayacaqlar. Amma bütün bunlara baxmayaraq, ölməyəcək və yeni əzab növləri ilə sonsuz həyatlarına davam edəcəklər.  
Dünyada bir insan ciddi şəkildə yanandan bir müddət sonra ölür. Oda az bir müddət davam gətirə bilir. Əgər aldığı xəsarətlər ölümcül deyilsə, onda yaraları müəyyən vaxtdan sonra sağalır. Ancaq cəhənnəmdəki atəş əzabı dünyadakı ilə müqayisə edilməyəcək qədər fərqlidir. Allah`ı inkar edən insan orada oda atılacaq və dərisi yanıb töküldükcə, daha çox əzab çəkməsi üçün yeni dəri ilə dəyişdiriləcək (Nisa surəsi, 56) Yəni qısa bir müddət ərzində yanması, sonra ağrısının yox olması kimi bir vəziyyət olmayacaq, əbədi alovlanan atəşin yandırmasının verdiyi bir ağrını yaşayaraq hiss edəcək.
Cəhənnəmdəki başqa bir əzab növü inkarçıların o gün atəşin üzərində tutulub əridilmələridir. (Zariyat surəsi, 13). Bunun necə böyük işgəncə olduğunu dünyada ikən qavramaq bir insan üçün mümkün də deyil. Dünyada çox sadə bir yaranın nə qədər şiddətli ağrı verdiyini bilən insan üçün Allah`ın bu əzabı çox ibrətamizdir. Üstəlik, bütün bunlar var ikən, bir yandan da bunlar olacaq:

Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! ... (Haqqə surəsi, 32)
Doğrudan da, kafirlərdən ötrü zəncirlər, buxovlar və alovsaçan od hazırlamışıq. (İnsan surəsi, 4)
Onlar üçün dəmir toppuzlar da hazırlanmışdır. (Həcc surəsi, 21)
...alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq... (Tövbə surəsi, 35)
Başlarına da qaynar su töküləcəkdir. (Həcc surəsi, 19)
Onların paltarları qatrandan olacaq, üzlərini də alov bürüyəcəkdir. (İbrahim surəsi, 50)
Bu, qaynar su və irindir. Qoy, onu dadsınlar!  (Səd surəsi, 57)
Qanlı irindən başqa yeməyi də yoxdur. (Haqqə surəsi, 36)
Yeyəcəkləri isə ancaq zəqqum və darı tikanı olacaq. Allah zəqqumun inkar edənlərin qarınlarında necə əzaba çevriləcəyini belə bildirmişdir:
Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! Dad (bu əzabı!) Sən ki qüdrətli və şərəfli idin. Sizin şübhə etdiyiniz (əzab) budur! (Duxan surəsi, 43-50)
Allah onların orada yedikləri yeməyin boğazlarında tıxanıb qalacağını bildirmiş, içəcəkləri irinli suyu isə udqunmağa çalışacaqlarını, amma boğazlarından keçirə bilməyəcəklərini söyləmişdir. Dünyada ikən insanın ən iyrəndiyi və nə iyinə, nə də görüntüsünə dayana bildiyi irin sonsuza qədər cəhənnəm xalqının qidası olacaq. Cəhənnəm əhli bundan böyük əzab hiss edəcək, amma ac olduğu üçün yemək məcburiyyətində qalacaq. Amma yemələrinə baxmayaraq, yenə də doymayacaqlar. Sonsuza qədər ac qalmağın ağrısını da dadacaqlar. Allah yedikləri darı tikanının da onları doyurmayacağını belə bildirib:
Onlara daridən (dəvə tikanı) başqa bir yemək verilməyəcəkdir.  (Ğaşiyə surəsi, 6-7)
Cəhənnəmdə inkarçıların görəcəkləri əzabla bağlı Quranda başqa misallar da var:
Onlar orada inildəyəcək və (heç nə) eşitməyəcəklər. (Ənbiya surəsi, 100)
... Onlar orada əsrlər boyu qalacaqlar. ... (Nəbə surəsi, 23)
...Onların əzabı yüngülləşdirilməyəcək... (Ali-İmran surəsi, 88)
Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər (Maidə surəsi, 37)
Bütün bunlar inkar edənlərə təsəvvürə gəlməyəcək qədər böyük əzab verəcək. Bu əzabdan qurtula bilmək üçün canlarının alınmasını istəyəcəklər və bunun üçün dəfələrlə yalvaracaqlar. Cəhənnəmdəki insanların söhbətləri Quranda bizə belə çatdırılır:
Onlar (cəhənnəm gözətçisini) çağırıb deyəcəklər: "Ey Malik! Qoy Rəbbin canımızı alıb qurtarsın!" O isə: "Siz (burada) əbədi qalacaqsınız!"– deyəcək. Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı. (Zuxruf surəsi, 77-78)
Ancaq ayədə də bildirildiyi kimi, Allah dünyada ikən haqq dindən üz döndərdikləri, edilən xəbərdarlıqları dinləmədikləri üçün onların yalvarmalarına cavab verməyəcək və onları həmişəlik əzabın içində saxlayacaq.
Burada göstərilənlər dünyada Allah`ı və axirət gününü inkar edənlərin, cənnət və cəhənnəm mövzusundakı tənbehləri dinləməyənlərin qəti olaraq yaşayacağı əzablardan bir qismidir. İnkarçıların bu əzablardan başqa, əsla qurtula bilməyəcəkləri böyük bir əzab da var ki, bu, sonsuza qədər insanın ağlından bir an belə çıxmayacaq peşmançılıq hissidir. Bu hiss bir insanın görə biləcəyi ən qorxulu yer olan cəhənnəmdə əbədilik yaşamaq məcburiyyətində qalmağın verdiyi sıxıntıdır və getdikcə artar. Çünki başdan bəri bildirdiyimiz kimi, inkarçılar cəhənnəm əzabını daddıqları hər an xatırlayacaqlar ki, əgər dünyada doğru yolu seçsəydilər, bunların heç birini görməzdilər. Ancaq bunun gətirdiyi peşmançılıqdan qurtulmaları da mümkün deyil.

İnkarçıların cəhənnəmdə əbədi olaraq yaşayacaqları peşmançılıq

İnkar edənlər cəhənnəmdəki əzabın şiddətini yaşadıqca, dünya həyatında Allah`a iman gətirmədikləri üçün çox peşman olacaqlar. Ancaq bu peşmançılığın onlara heç bir xeyri olmayacaq. Çünki dünyada onlara kifayət qədər fürsət verilmişdi. Amma onlar bunu qiymətləndirə bilməmişdilər. Bunu başa düşəndə onları Allah`dan uzaqlaşdıran, Axirəti unutduran və dünyaya bağlayan hər şeyə və hər kəsə lənət edəcək, onlara qarşı çox böyük qəzəb hiss edəcəklər:
Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: "Kaş biz Allah`a ibadət edəydik, Onun Elçisinə müti olaydıq! " Onlar deyəcəklər: "Ey Rəbbimiz! Biz başçılarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar. Ey Rəbbimiz! Onları ikiqat əziyyətə sal və onları müdhiş bir lənətə məruz qoy!"  (Əhzab surəsi, 66-68)
Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı) uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən! Bu gün (peşmançılığınız) sizə heç bir fayda verməz. Siz birlikdə zülm etdiyinizə görə əzaba da ortaqsınız! (Zuxruf surəsi, 38-39)
Ayələrdən də göründüyü kimi, inkar edənlər günahı dünya həyatında onları azdıranların üzərinə ataraq, özlərinin əzabdan azad ola biləcəklərini ümid edəcəklər. Halbuki, Allah hər kəsə doğrunu tapa biləcəyi bir vicdan və onun tətbiq edə biləcəyi bir iradə vermişdir. Hamıya hər ikisi anladılmış və hər kəsə düz də, səhv də bildirilmişdir. Və hər insan öz seçimini sahib olduğu iradəyə uyğun və istəyərək etmişdir. Bundan başqa, Allah hər kəsin ürəyində yaşadığı imanı da, inkarı da çox gözəl bilir. Buna görə də cəhənnəm əhli arasında insanların inkar etməsinə rəhbərlik edənlər də, onlara tabe olanlar da layiq olduqlarının əvəzini alacaqlar. O gün heç kim başqasının etdiyi günaha görə məsuliyyət daşımayacaq və heç kimin də günahı başqasına yüklənməyəcək.
Bu insanlar dünya həyatında bir-birilərini günaha sürükləyərkən bəlkə də çox vaxt axirətdə hesab verəcəklərini xatırlamış, amma bunu əhəmiyyətsiz saymışlar. Bir-birilərinə: "Sən elə, günahı mənim boynuma" - demiş və inkar etmələri üçün bir-birilərini həvəsləndirmişlər. Şeytan da bəzi bərli-bəzəkli vədlər verərək onları inkar etməyə yönəltmişdir. Halbuki, Allah: "... O, hüzurumuza tək-tənha gələcəkdir." (Məryəm surəsi, 80) deyərək bu vədlərin inkarçılar üçün heç bir faydasının olmayacağını əvvəlcədən bildirmişdir.
O gün inkar edənlər tamamilə tək olduqlarını açıq şəkildə görəcəklər. Allah`dan başqa onlara nə bir dost, nə də bir yaxın tapılacağını da anlayacaqlar. Çünki dünyada arxasınca getdikləri, özlərinə dost seçdikləri hər kəs cəhənnəmdə onları tərk edəcək. Həmçinin Allah`ı unudaraq yaxın olduqları şeytan da onlara xəyanət edəcək və belə deyəcək:
İş bitdikdə şeytan deyəcək: "Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi dəvət etdim, siz də qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allah`a) şərik qoşmağınızı rədd etmişdim". Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır. (İbrahim surəsi, 22)
Dost kimi qəbul etdikləri hər kəsin onlara belə xəyanət etdiyini və onları tək buraxdıqlarını görmək inkar edənlərin peşmançılığını daha da çoxaldan bir səbəb olacaq. Artıq Allah`dan başqa himayəsinə sığınacaq heç kimin olmadığını çox yaxşı başa düşəcəklər. Ancaq bunu başa düşməyin heç bir xeyri olmayacağını görmək də onları çox sıxıntıya salacaq. O gün bir yandan bir-biriləri ilə mübahisə edəcək, bir tərəfdən də dünyada etdikləri günahları etiraf edəcəklər:
Onlar orada höcətləşərək deyərlər: "Allah`a and olsun ki, biz açıq-aydın azğınlıq içində idik – o vaxt ki, biz sizi aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də canıyanan bir dostumuz var! Bir də qayıda bilsəydik, möminlərdən olardıq!" (Şüəra surəsi, 96-102)
Ayələrdən də göründüyü kimi, inkarçılar böyük peşmançılıqla dünyaya yenidən qayıtmağı, iman gətirən insanlardan olub, axirət həyatları üçün onlara fayda verəcək xeyirli işlər etməyi istəyərlər. Ancaq bu diləkləri qəbul edilməz. Bu gün illərlə arxasınca qaçdıqları pulun, gözəlliyin, etibarın, dünyada qazanmağa çalışdıqları müxtəlif maddiyyatların heç bir mənasının olmadığını görəcəklər. Quranda onların peşmançılıqla dolu sözləri var:
Kitabı sol əlinə verilən kimsə isə deyəcəkdir: "Kaş kitabım mənə verilməyəydi! Hesabımdan da xəbərim olmayaydı! Kaş ilk ölümüm həmişəlik olaydı! Var-dövlətim məni qurtarmadı. Hökmranlığım da məhv olub getdi". (Mələklərə deyiləcək): "Onu yaxalayıb zəncirləyin! Sonra da cəhənnəmə atın! Onu uzunluğu yetmiş dirsək olan zəncirə vurun! Çünki o, böyük Allah`a iman gətirmirdi, və kasıbı yedirtməyə rəğbətləndirmirdi. Bu gün burada onun üçün bir dost tapılmaz. (Haqqə surəsi, 25-35)
Və o gün cəhənnəm gətiriləcək. O gün insan xatırlayacaqdır. Lakin xatırlamanın ona nə faydası? O: "Kaş (axirət) həyatım üçün əvvəlcədən hazırlıq görəydim!" – deyəcəkdir. (Fəcr surəsi, 23-24)
Bütün bunlarla yanaşı, cənnət xalqının sevincini görmək də inkar edənlərin yaşadığı peşmançılığı çoxaldır. Çünki cənnətdə yaşayan insanlarla öz yaşayışları arasında fövqəladə fərqə şahid olurlar. Axirətdə cənnət əhli ilə cəhənnəm əhli arasındakı böyük fərqə diqqət çəkilmişdir.
Cəhənnəm əhlinin vəziyyəti Quranda "Onların baxışları yazıq görkəm alacaq, özlərini də zəlalət bürüyəcəkdir. Hərçənd ki, onlar (dünyada) ikən sağ-salamat halda səcdə etməyə dəvət olunurdular” şəklində ifadə edilmişdir. (Qələm surəsi, 43) Başqa bir ayədə isə "üzlərinin tutulub qaralmış" (Qiyamə surəsi, 24) olduğu bildirilmişdir. Bunun əvəzində, cənnətlə müjdələnən möminlərin üzləri belə tərif edilmişdir:
O gün (neçə-neçə) üzlər parlayacaq, güləcək və fərəhlənəcəkdir. (Əbəsə surəsi,38-39)
İnkar edənlər cəhənnəmdə qaynar su, irin, qan, zəhərli dəvə tikanı və zəqqumdan başqa heç bir qida tapa bilməyəcəkləri halda, iman gətirənlər cənnətdə bal, süd axan çaylarla, qədəhlərə süzülmüş bir-birindən gözəl içkilərlə, məhsulları azalmayan və budağı aşağı sallanan meyvə ağacları və nəfslərinin istədikləri daha çox nemətlə mükafatlandırılacaqlar. Bir ayədə cənnət xalqının yeməkləri belə tanıdılır:
Müttəqilərə vəd olunan cənnətin vəsfi belədir; orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və süzülmüş baldan çaylar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir. (Məgər onlar) od içində əbədi qalan və bağırsaqlarını parça-parça edən qaynar su içirdiləcək kimsələr kimi ola bilərlərmi? (Muhəmməd surəsi,15)
Ayədə də bildirildiyi kimi, bu cür mükafatlandırılan adamların ruzisi ilə inkar edənlərin həm aclıqlarını söndürməyə yaramayan, həm də böyük bir əzaba çevrilən ruziləri qətiyyən eyni deyil. Onlar orada saysız dəfə yandırılacaq, saysız dəfə dəriləri əridilib tökülərək təzələri ilə dəyişdiriləcək və sonsuza qədər bir parça sərinlik, ya da fərəhlik tapa bilmək üçün yalvararaq kömək istəyəcəklər. Cənnət xalqının kölgəliklərdə, sərinliklərdə naz-nemət içində olduğunu görəcək və sahib olduqlarından bir az da onlara vermələri üçün yalvaracaqlar. Quranda bu barədə belə deyilir:
Od sakinləri cənnət əhlini səsləyib deyəcəklər: "Bizim üstümüzə bir az su və ya Allah`ın sizə verdiyi ruzidən tökün". Onlar isə deyəcəklər: "Allah bunları kafirlərə haram etmişdir". (Əraf 50)
Cəhənnəmdə peşmançılıq içində yaşayan inkarçıların bu cür yardım istəməklərinin əsla nəticəsi olmayacaq:
... Biz zalımlar üçün elə bir od hazırlamışıq ki, onun divarları onları əhatə edəcəkdir. Onlar kömək dilədikdə əridilmiş metal kimi üzlərini qovuran bir su ilə kömək ediləcəkdir. Nə pis içkidir! Nə pis məskəndir! (Kəhf surəsi, 29)
Yenə cənnət xalqına atlas və ipəkdən paltarlar, saysız zinətlər, qızıllar, gümüşlər təqdim edildiyi halda, cəhənnəm əhlinə qatrandan və atəşdən hazırlanmış paltarlar geydiriləcək. Onlar zəncirlərə vurulub, dəmir həlqələrlə bağlandıqları cəhənnəm yataqlarına yatırdılıb, üstləri də cəhənnəm örtükləri ilə örtülərkən, möminlər yüksək köşklər və gözəl otaqlarda, yüksəklərdə qurulmuş və zərifliklə işlənmiş cövhər taxtlarda, gözəlliyi göz oxşayan döşəklərdə, astarları incə işlənmiş atlasdan olan yataqlarda olacaqlar.
Quranda möminlərin arzuladıqları hər şeyin onlara veriləcəyi, xoşlarına gələcək həyat yaşayacaqları, xoşbəxt olacaqları və sevinclə qarşılanacaqları bildirilmişdir:
Rəbbinin yanında onlar üçün istədikləri hər şey hazırlanmışdır (Şura surəsi, 22)
Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər. (İnsan surəsi, 11)
İnkarçılar da dünya həyatında əgər Allah`ın əmrlərinə tabe olaraq vicdanlı, səmimi və dürüst yaşasaydılar, bu gün cəhənnəm atəşində əzab çəkməz və cənnət əhli kimi nemətlər içərisində yaşayardılar. Buna görə də inkar edənlər hər dəfə cənnət xalqını düşünəndə peşmanlıqları çoxalacaq. Allah onların çəkdiyi cəhənnəm əzabını və peşmançılıqlarını sarsıdıcı kədər kimi göstərmiş və nə vaxt azad olmaq istəsələr, bir daha əzaba düçar ediləcəklərini bildirmişdir:
Onlar hər dəfə oradan çıxmaq, qəmdən qurtarmaq istədikdə yenidən oraya qaytarılacaq (və onlara): "Dadın odun əzabını!" (– deyiləcəkdir.) (Həcc surəsi, 22)
Çünki cəhənnəm daha geri qayıtmaq mümkün olmayan və peşmançılıq hissinin bir fayda verməyəcəyi, hətta bir məna ifadə etmədiyi yerdir. Mələklər, inkarçılar ölən kimi onlara daha sonsuza qədər heç bir gözəlliklə qarşılaşmayacaqlarını xəbər vermişdilər:
Məhz mələkləri görəcəkləri gün günahkarlara heç bir müjdə olmayacaqdır. (Mələklər) deyəcəklər: "(Cənnətə girməyiniz) qadağandır, qadağan!" (Furqan surəsi, 22)
Buna görə də inkar edənlər ancaq yox olaraq bu əzabdan qurtulacaqlarına inanmışdılar. Yox olmaq üçün yalvaracaqlar. Amma bu arzuları qəbul edilməyəcək. Çünki dünyada onlara nəsihət ala biləcəkləri qədər ömür verildiyi halda, onlar bilə-bilə inkar etməyi seçmiş və haqdan üz döndərmişdilər. Bu səbəblə onlara aşağıdakılar deyiləcək:
Bu gün özünüzə bir ölüm diləməyin, çox ölüm diləyin!  (Furqan surəsi, 14)
Yanın orada! Dözsəniz də, dözməsəniz də sizin üçün eynidir. Sizə ancaq etdiyiniz əməllərin cəzası verilir . (Tur surəsi, 16)
Allah Əraf surəsinin 40-cı ayəsində onların halat (dəvə) iynənin deşiyindən keçənə qədər cəhənnəmdən qurtulmayacaqlarını və cənnətə girə bilməyəcəklərini bildirmişdir.Bundan başqa, inkarçıların dünyada ikən haqdan üz döndərib axirət gününə və Allah`a qovuşmağı yaddan çıxardıqlarına görə, o gün də onların unudulacağı, yəni Rəbdən heç bir əvəz ala bilməyəcəkləri, kömək göstərilməyəcəyi Quranda bildirilmişdir:
(Allah) deyəcək: "Elədir! Çünki sənə ayələrimiz gəldi, sən isə onları unutdun. Bu gün də sən beləcə unudulacaqsan!" (Taha surəsi, 126)
Və (onlara) deyiləcəkdir: "Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır."  (Casiyə surəsi, 34)
O kəslərə ki, dinlərini əyləncə və oyun etmişdilər və dünya həyatı onları aldatmışdı. Onlar bu günləri ilə qarşılaşmağı unutduqları və ayələrimizi inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq. (Əraf surəsi, 51)
Onlar isə yenə də yalvaracaq və Allah`dan onları atəşdən çıxarmasını istəyəcəklər, amma Allah belə cavab verəcək:
(Allah) buyuracaq: "Orada alçalmış vəziyyətdə qalın və Mənə heç nə deməyin!" (Muminun surəsi, 108)
İnkar edənlərin həmişə alacaqları əvəz heç cür kömək görməmək və cəhənnəm əzabında tərk edilmək olacaq. Allah onlara rəhm etməyəcək, mərhəmət göstərməyəcək və etdikləri günahları, səhvləri bağışlamayacaq. Halbuki, dünyada ikən Allah`a sığınsaydılar, Onun həmişə bağışlayan və mərhəmət göstərən olduğunu görəcəkdilər. Ancaq cəhənnəmi görəndə bu həqiqətləri xatırlayacaqlar, amma bunun onlara heç bir xeyri olmayacaq.
Bütün bunlardan sonra Allah`ın bəndəsini sevən və hər zaman bağışlayan olduğunu indidən fikirləşib təkcə Onu dost və vəkil qəbul etmək lazımdır. Cəhənnəmin qapıları onların üstünə bircə dəfə bağlandımı, daha sonsuza qədər açılmayacaq və dünyada ikən əllərində olan fürsətlər bir də təkrar verilməyəcək. Bu əbədi peşmançılıqdan azad olmağın yolu isə Quranda bildirilmişdir:
Tövbə edənlər, (əməllərini) islah edənlər, Allah`dan möhkəm yapışanlar və öz dinlərini Allah`a məxsus edənlər istisnadır. Bunlar möminlərlə birgə olacaqlar. Möminlərə isə Allah böyük mükafat verəcəkdir. Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allah`ın nəyinə gərəkdir? Allah təşəkkür edəndir, biləndir. (Nisa surəsi,146-147)